22 yaşlı qadını öldürən iş adamına ağır cəza - `Ərdə olduğunu bilmirdim`


18:59     10 Yanvar 2017 bicaqladi.jpeg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə V. Qarayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayının 2-də Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttihama görə, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, V.Qarayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyirdi. O, qətlə yetirdiyi qadının evli olmasından xəbərsiz olduğunu bildirmişdi: "Mən onu sevirdim. Bir neçə dəfə mənim yanıma balaca uşaqla gəldi. Lakin Gülpəri həmin uşağın onun olduğunu demədi. Mərhumun ailəli olduğundan da xəbərsiz idim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Gülpəri Aslanlını qısqandığı üçün öldürüb: "O, tez-tez mağazaya gəlirdi. Onunla orada tanış olduq. Sonra Gülpəri ilə telefonda danışmağa başladıq. Həmin mağazadan satdığım mallardan neçə dəfə bahalı hədiyyələr vermişəm. Gülpəri ilə bir neçə dəfə görüşdük. Daha sonra o, məni qısqandırdı. Buna görə də Gülpərini öldürmək qərarına gəldim".





Femida.az

Açar sözlər:

Oxunub: 3422